Riyazi əməliyyatlar

Emil Hüseynov

Əvvəlki dərslərdən birində dəyişənlərə sadə qiymətlər mənimsətməyi öyrəndik. Amma həmişə belə olmur. Əksər hallarda dəyişənin qiyməti hesablanan ifadələr olur. İfadəni hesablamaq üçün operatorlardan istifadə edilir.

Riyazi əməliyyatlar

Aşağıdakı riyazi operatorlar dəstəklənir:

  • Toplama +
  • Çıxma -
  • Vurma *
  • Bölmə /
  • Modula görə bölmə %
  • Qüvvətə yüksəltmə **

hesablanan ifadələr

<?php

error_reporting(E_ALL);

$x = 10;
$y = 2;

printf("İki operandın cəmi: %d <br>", $x + $y);
printf("İki operandın fərqi: %d <br>", $x - $y);
printf("İki operandın hasili: %d <br>", $x * $y);
printf("İki operandın nisbəti: %d", $x / $y);

?>

Çıxış:

İki operandın cəmi: 12
İki operandın fərqi: 8
İki operandın hasili: 20
İki operandın nisbəti: 5

Modula görə bölmə

$a % $b ifadəsinin nəticəsi a-nın b-yə tam bölünməsindən alınan qalıqdır.

<?php

error_reporting(-1);

$x = 19;
$y = 4;

printf("Qalıq: %d", $x % $y);

?>

Çıxış:

Qalıq: 3

19 % 4 ifadəsinin nəticəsi 3-ə bərabərdir, çünki 4 ədədi 19-da 4 dəfə yerləşir və 3 qalıq qalır. Daha çox nümunə:

<?php

error_reporting(E_ALL);

printf("Qalıq: %d <br>", 10 % 2);
printf("Qalıq: %d <br>", 8 % 3);
printf("Qalıq: %d <br>", 5 % 2);

?>

Çıxış:

Qalıq: 0
Qalıq: 2
Qalıq: 1

Modula görə bölmə çox faydalı operatordur. Məsələn, aşağıdakı kod verilmiş saniyəni dəqiqə və saniyəyə çevirir:

<?php

error_reporting(E_ALL);

$second = 154;
$secondPerMinute = 60;

$min = $second / $secondPerMinute;
$left = $second % $secondPerMinute;

printf("%d saniyə - bu, %d dəqiqə %d saniyəyə bərabərdir.", $second, $min, $left);

?>

Çıxış:

154 saniyə - bu, 2 dəqiqə 34 saniyəyə bərabərdir.

Verilmiş ədədin tək və ya cüt olmasını bilmək üçün onun 2-yə bölünməsindən alınan qalığa baxmaq lazımdır. Qalıq 0-a bərabərdirsə, o, cüt ədəd, 1-ə bərabərdirsə, tək ədəd deməkdir:

<?php

error_reporting(E_ALL);

$num1 = 10;
$num2 = 7;

printf("%d - %d <br>", $num1, $num1 % 2);
printf("%d - %d", $num2, $num2 % 2);

?>

Çıxış:

10 - 0
7 - 1

Qüvvətə yüksəltmə

$a ** $b ifadəsi birinci operandın ikinci operandın qiyməti dəfə öz-özünə vurulmasını bildirir. Biz məktəbdə riyaziyyat fənnində bunu ab kimi yazırdıq:

<?php

error_reporting(E_ALL);

$x = 5;
$y = 3;

printf("Qüvvətə yüksəltmə: %d", $x ** $y);

?>

Çıxış:

Qüvvətə yüksəltmə: 125

Şərh yazmaq üçün hesabınıza daxil olun.

0
0