Verilənlərin tipi çox vacib mövzudur, çünki dəyişənlər üzərində aparılan əməliyyatlar ondan asılıdır. PHP interpretatoru dəyişənlərdə saxlanılan qiymətlərin tipini “tanıyır” və buna əsasən əməliyyatlar aparır. Məsələn, iki ədədi bir-birinə vurmaq, toplamaq mümkündür. İki sətri isə bir-birinə vurmaq olmaz, lakin onları birləşdirmək olar.
PHP dili aşağıdakı verilənlər tipini dəstəkləyir: int
, float
, bool
, string
, null
, array
, object
, resource
, void
, never
, callable
, iterable
, mixed
.
Tam ədədlər
Sayma zamanı istifadə olunan bütün ədədlər tam ədədlərdir. Onlar müsbət, mənfi, yaxud sıfır ola bilər.
Tam ədədlər dırnaq işarəsi içərisində yazılmır, çünki dırnaq işarəsi içərisinə alındıqda, artıq sətir tipinə aid olurlar:
<?php
error_reporting(E_ALL);
$price = 15;
$number = "-5";
printf("%s verilənlər tipi<br>", get_debug_type($price));
printf("%s verilənlər tipi", get_debug_type($number));
?>
Nəticə:
int verilənlər tipi
string verilənlər tipi
get_debug_type()
funksiyası dəyişənin tipini təyin edir. Funksiyalar barədə sonra ətraflı məlumat veriləcək. İndiki anda düşünün ki, get_debug_type()
funksiyası dəyişənin adını qəbul edir, öz daxilində müvafiq əməliyyat aparır və onun tipini geri qaytarır.
Həqiqi ədədlər
float
tipi 13.99, 2.5 kimi kəsr ədədlərlə işləyir.
<?php
error_reporting(E_ALL);
$price = 13.995;
printf("%f <br>", $price);
printf("%.2f", $price);
?>
Nəticə:
13.995000
13.99
Kəsr ədədlərini ekrana çıxarmaq üçün %f kodundan istifadə olunur. Nöqtədən sonra yalnız iki ədəd göstərmək üçün %.2f kodu yazılmalıdır. Əgər nöqtədən sonra bir ədəd ekrana çıxarmaq lazımdırsa, onda kod %.1f kimi olacaq.
Həqiqi ədədləri eksponensial yazılış üsulu ilə də təqdim etmək mümkündür:
<?php
error_reporting(E_ALL);
$number = 1.2e4;
printf("%.0f <br>", $number);
?>
Nəticə:
12000
1.2e4 yazılışı onu bildirir ki, 1.2 qiyməti 10000 ədədinə vurulur. e4 yazılışı 10-nun 4-cü qüvvətini, yəni 10000-i bildirir.
Sətir verilənlər tipi
Sətir - hər birinin ölçüsü 1 bayt olan simvollar ardıcıllığıdır. Bu o deməkdir ki, PHP dili yalnız 256 simvol dəstəkləyir və ona görə daxili Unicode kodlaşdırmasını dəstəkləmir.
string
tipi hərf, ədəd və digər istənilən simvoldan ibarət ola bilər. Sətir tipi tək və ya cüt dırnaq işarələri içərisində yazılır. Açılan dırnaq işarəsi bağlanan dırnaq işarəsinə uyğun olmalıdır:
<?php
error_reporting(E_ALL);
$firstName = "Emil";
$secondName = 'Zaur';
printf("%s <br> %s", $firstName, $secondName);
?>
Nəticə:
Emil
Zaur
Məntiqi verilənlər tipi
bool
tipi yalnız iki qiymət ala bilər: true (doğru) və ya false (yalan).
<?php
error_reporting(E_ALL);
$isAuth = true;
$canVote = false;
?>
Məntipi verilənlər tipi çox vaxt müqayisə, şərt və dövr operatorları ilə birgə istifadə edilir.
PHP dilində tam ədədlər, həqiqi ədədlər, sətir və məntiqi tip sadə verilənlər tipinə aiddir.
null
null
tipi yalnız bir qiymət ala bilər: null. Bu, onu bildirir ki, dəyişənə heç bir qiymət mənimsədilməyib:
<?php
error_reporting(E_ALL);
$fname = null;
printf("%s", $fname);
?>
Ekranda heç nə göstərilməyəcək.
Verilənlərin tipi barədə hələlik bu qədər. Digərlərini növbəti dərslərdə öyrənəcəyik.